Reşad Cavadov: 20 Yanvar şəhidlərinin əziz xatirəsi heç vaxt unudulmayacaq

Cavadov Reşad,

Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi baş leytenantı

Qanlı Yanvar hadisələrindən 36 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Əbəs yerə deyil ki, şəhid məzarları önündə baş əyən on minlərlə ziyarətçinin simasında hüzn və kədərlə yanaşı, qürur, vüqar və iftixar hissləri də oxunur.

Bakının ən uca nöqtəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər təbəqədən olanları – şəhid ailələrinin üzvlərini, onların yaxın və doğmalarını, Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri, hətta uşaqları görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə göstərdiyi dərin hörmət və ehtiramın ifadəsidir.

Azadlıq yolunun ilk şəhidlərinin xatirəsinə yalnız Bakıda deyil, bölgələrdə və xarici ölkələrdə də kütləvi anım tədbirləri və mərasimlər təşkil edilir, qanlı gecənin günahsız qurbanlarının ruhuna dualar oxunur. 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə yardım göstərilir.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdi. Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına etiraz əlaməti olaraq keçirilən kütləvi aksiyaları dağıtmaq, geniş vüsət alan milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə Bakıya və bölgələrə yeridilən hərbi kontingent dinc əhaliyə qarşı amansız qırğın törətdi. Nəticədə 150 mülki şəxs qətlə yetirildi, 700-dən çox insan ağır yaralandı.

Faciəvi hadisələrin növbəti günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində xalqımıza qarşı törədilmiş qanlı cinayəti kəskin şəkildə pislədi, günahkarların cəzalandırılmasını tələb etdi. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiyməti də Ulu Öndər Heydər Əliyev verdi.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şəhidlərin xatirəsi əbədiləşdirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu, şəhid ailələrinin, əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev 20 Yanvar əlilləri və şəhid ailələrindən diqqət və qayğını əsirgəmir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlillərinə və şəhid ailələrinə mənzillər, minik avtomobilləri verilib. 20 Yanvar şəhidinin ailəsi və 20 Yanvar əlilliyi üçün Prezident təqaüdünün məbləği artırılıb.

***

Qanlı şənbə gecəsi günahsız yerə axıdılan şəhidlərin qanı hədər getmədi. Xalqımız müstəqilliyə qovuşdu, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız igid əsgər və zabitlərin nümayiş etdiyi qəhrəmanlıq sayəsində azad olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.

Çox keçmədən Qarabağ Zəfərinin gözlənilən davamı gəldi. 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatçıların mövcudluğuna son qoyuldu. Terrorçulardan təmizlənən Xankəndidə, Xocalıda, Əsgəranda və digər ərazilərdə üçrəngli Azərbaycan Bayrağı ucaldıldı. Bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 2024-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycanda Dövlət Suverenliyi Günü təsis olundu və həmin gün sentyabrın 20-də qeyd edilir.

Hazırda işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. “Böyük Qayıdış” yolunda inamlı addımlar atılır, yenidən dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda sakinlər öz ata-baba torpaqlarına qayıdır, yeni salınan kənd və şəhərlər doğma sakinləri qoynuna alır.

Azadlığa və zəfərlərə gedən yolda ilk cığır açmış, canını fəda etmiş şəhidlərin unudulmaz xatirəsi həmişə ürəklərdə yaşayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir