Sabitlik, iqtisadi şaxələndirmə və yaşıl keçid Azərbaycanın strateji hədəfləridir ŞƏRH

 

Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə formalaşdırdığı inkişaf modelinin əsas istiqamətlərini və gələcək prioritetlərini əks etdirir.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

O qeyd edib ki, dövlətimizin başçısının çıxışında diqqət çəkən məqamlardan biri Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsidir. Ölkənin ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Son illərdə COP29, Ümumdünya Şəhərsalma Forumu kimi qlobal tədbirlərin Bakıda keçirilməsi də bu etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dövründə qazandığı geniş beynəlxalq dəstək ölkənin diplomatik nüfuzunun artdığını nümayiş etdirir.

“Çıxışın digər mühüm istiqaməti sabitliyin inkişafın əsas şərti kimi təqdim olunmasıdır. Müstəqillik dövrünün xüsusilə son onilliklərində Azərbaycanda formalaşan siyasi, iqtisadi və sosial sabitlik ölkənin davamlı inkişafının əsas dayağı olub. Regional və qlobal miqyasda geosiyasi risklərin artdığı bir şəraitdə sabitlik amili investisiya cəlbediciliyinin, sosial rifahın və uzunmüddətli iqtisadi planlaşdırmanın əsas təminatçısı kimi çıxış edir. İqtisadi göstəricilər də Azərbaycanın inkişaf modelinin nəticələrini əks etdirir. Qeyri-neft sektorunun ÜDM-də payının 70 faizdən çox olması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələrin göstəricisidir. Xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi ölkənin maliyyə dayanıqlığını və fiskal idarəetmənin effektivliyini ortaya qoyur. Eyni zamanda, müstəqillik dövründə 350 milyard dollara yaxın investisiyanın cəlb olunması investorların Azərbaycana etimadının göstəricisi hesab oluna bilər. Yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faiz ətrafında olması isə sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir.

Prezidentin çıxışında enerji və nəqliyyat sahələrinə xüsusi diqqət yetirməsi Azərbaycanın regional iqtisadi mərkəz kimi rolunun gücləndiyini göstərir. Hazırda 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan Avropanın və regionun enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə regional logistika qovşağı funksiyasını gücləndirir. Yükdaşımaların həcmini iki dəfə artırmaq hədəfi Azərbaycanın tranzit potensialının daha da genişləndirilməsinə hesablanıb. Digər tərəfdən, 2032-ci ilədək 8 giqavat Günəş və külək enerjisi gücünün yaradılması planı ölkənin enerji siyasətində yaşıl keçidin prioritet istiqamətə çevrildiyini təsdiqləyir”, – deyə Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurla bağlı mesajlar da Azərbaycan Prezidentinin əsas məqamlarından biri oldu. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra regionda genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Azad edilmiş ərazilərə indiyədək təxminən 17 milyard dollar investisiya yönəldilməsi və artıq 90 minə yaxın insanın həmin ərazilərdə yaşaması dövlət proqramlarının konkret nəticələrini göstərir. Bu proses yalnız infrastrukturun bərpası deyil, həm də iqtisadi fəaliyyətin və sosial həyatın yenidən qurulması baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın regionda sülh gündəliyini irəli sürməsi uzunmüddətli sabitlik və əməkdaşlıq perspektivlərinin formalaşdırılmasına xidmət edir.

“Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın qarşıdakı dövr üçün inkişaf prioritetlərini də aydın şəkildə ortaya qoyur. İqtisadiyyatın daha da şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, bərpaolunan enerji layihələrinin sürətləndirilməsi və yaşıl keçid siyasətinin dərinləşdirilməsi yaxın illərdə ölkənin əsas strateji istiqamətləri kimi çıxış edəcək. Bu prioritetlər həm milli iqtisadi dayanıqlığın artırılmasına, həm də Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə rolunun güclənməsinə xidmət edir”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir