
27 Sentyabr Azərbaycan xalqının yaddaşına Vətən müharibəsinin başlanğıc günü kimi həkk olunmuş əlamətdar tarixdir. Bu gün hər bir azərbaycanlı üçün Vətən sevgisinin, milli iradənin, qəhrəmanlığın və şəhidlərimizin əziz xatirəsinə ehtiramın rəmzidir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın tarixində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi. Müharibənin ilk günlərindən etibarən xalqımız böyük həmrəylik nümayiş etdirərək ordumuzun ətrafında sıx birləşdi. Cəbhədə döyüşən hər bir əsgərin arxasında bütöv bir xalqın iradəsi, inamı və duası dayanırdı. Azərbaycan əsgəri Vətənin hər qarış torpağı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərin azad olunması, xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi tariximizin ən şərəfli səhifələrindən birinə çevrildi. 27 Sentyabrın Anım Günü kimi qeyd olunması Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən ehtiramın ifadəsidir. Bu gün biz torpaqlarımızın azadlığı uğrunda həyatını fəda edən qəhrəman oğul və qızlarımızı dərin hörmət və minnətdarlıq hissi ilə yad edirik. Şəhidlərimizin həyatı, döyüş yolu və Vətən sevgisi gələcək nəsillər üçün əsl örnəkdir. Onların qəhrəmanlığı gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Tarix müəllimlərinin üzərinə düşən əsas vəzifələrdən biri də bu şanlı tarixi gənc nəslə düzgün çatdırmaq, şəhidlərimizin müqəddəs xatirəsini yaşatmaq və şagirdlərdə Vətənə, dövlətə və milli dəyərlərə bağlılıq hissini gücləndirməkdir. 27 Sentyabr bizə bir daha göstərir ki, xalqın birliyi, milli iradəsi və Vətən sevgisi tarix yaradan ən böyük qüvvələrdəndir. Bu tarix həm kədər, həm qürur, həm də sonsuz minnətdarlıq hissi ilə anılır. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların ailələrinə dərin ehtiramımızı bildiririk. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın adları xalqımızın yaddaşında əbədi yaşayacaq. Onlar tariximizin şərəfli səhifəsini öz qanları ilə yazdılar. 27 Sentyabr – Anım Günü şəhidlərimizin əziz xatirəsinə ehtiram, Vətənə sədaqət və gələcək nəsillərə əmanət edilən müqəddəs tarixi yaddaşdır.
Səmədova Zöhrə
Qamıt Abbasov adına 284 saylı ümumtəhsil məktəbinin tarix müəllimi