“Bir vaxtlar məktəbli formam yox idi, bu gün isə…” Jurnalist susqunluğunu pozdu

Bir vaxtlar məktəbli formam yox idi, bu gün isə hicab müzakirə olunur…

Bəzən insanın yaşadığı bir hadisə illər keçsə də yaddaşından silinmir. Çünki bəzi xatirələr sadəcə keçmiş deyil, insanın həyata baxışını formalaşdıran dərslərdir.

Mənim üçün məktəbli forması heç vaxt sadəcə geyim olmayıb. O forma məktəbə daxil olmaq, sinif yoldaşlarımla bir sırada oturmaq, dərs dinləmək və gələcəyim üçün təhsil almaq arzusu idi.

Vaxtilə məktəbli formam olmadığı üçün məktəbdən uzaqlaşdırılmaqla üzləşmişəm. Həmin günlərin ağrısını bu gün də unutmamışam. Məktəbin həyətində qaldığım, sinif otağımın pəncərəsinə boylanaraq sinif yoldaşlarımın məni görməsini istədiyim anlar yaddaşıma həkk olunub. Mən də onların arasında olmaq, dərsə qatılmaq, müəllimlərimi dinləmək istəyirdim. Bir çox insan üçün adi görünən məktəbə getmək mənim üçün böyük bir arzu idi.

Həmin hadisələri xatırlayanda anlayıram ki, məktəbin qapısından kənarda qalmaq bir uşaq üçün nə qədər ağırdır. Təhsil almaq istəyirsən, amma qarşında bir maneə dayanır. Mən bu hissi yaşamışam və onun nə demək olduğunu yaxşı bilirəm.

Bu gün isə Azərbaycanda məktəbli geyimi qaydaları və hicablı şagirdlərin vəziyyəti ictimai müzakirə mövzusuna çevrilib. Mənim mövqeyim aydındır: dövlətin müəyyən etdiyi qanuni məktəbli geyimi qaydalarını dəstəkləyir və onların hamıya bərabər tətbiq olunmasını vacib sayıram.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair qaydalara dəyişiklik edilib. Qərarda məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinə yol verilməməsi nəzərdə tutulur. Sənəddə hicab ayrıca qeyd olunmur. Bununla belə, qərar ictimai müzakirələrə səbəb olub.

Mən hesab edirəm ki, məktəb ilk növbədə elm və təhsil ocağıdır. Şagirdin əsas məqsədi bilik qazanmaq, savadlanmaq və gələcəyini qurmaq olmalıdır. Mənim fikrimcə, heç bir geyim mübahisəsi təhsilin əhəmiyyətini kölgədə qoymamalıdır.

Vaxtilə məktəbli formam olmadığı üçün məktəbə getmək və dərslərdə iştirak etmək imkanım məhdudlaşmışdı. Bu gün isə hicablı şagirdlərlə bağlı müzakirələr fərqli bir məsələni gündəmə gətirir: məktəbli geyimi qaydaları ilə dini geyim seçimi arasında yaranan ziddiyyət necə həll olunmalıdır?

Açığı, şagirdin təhsilini davam etdirmək imkanının olmasını, lakin hicabını çıxarmaq istəmədiyinə görə təhsildən geri qalmasını məntiqli hesab etmirəm. Mənim düşüncəmə görə, təhsil insanın gələcəyidir və şagirdlər bu gələcəyi qorumağa üstünlük verməlidirlər. Valideynlər də övladlarının təhsilini və gələcək imkanlarını nəzərə alaraq məktəbin qaydalarına məsuliyyətlə yanaşmalıdırlar.

Dövlətin müəyyən etdiyi qanuni qaydalara hörmət etmək mənim üçün vacib vətəndaş mövqeyidir. Məktəblərdə nizam-intizamın qorunmasını və qaydaların bərabər tətbiqini dəstəkləyirəm. Hesab edirəm ki, valideynlər məktəbin geyim tələbləri ilə əvvəlcədən tanış olmalı, anlaşılmazlıq yarandıqda isə məsələni məktəb rəhbərliyi və aidiyyəti qurumlarla müzakirə etməlidirlər.

Eyni zamanda, bu məsələdə rəsmi qaydaların məzmununu düzgün anlamaq vacibdir. Qərarda hicabın adı ayrıca çəkilmədiyinə görə, sənədi birbaşa hicab qadağası kimi təqdim etmək düzgün olmaz. Konkret məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı yayılan məlumatlar araşdırılmalı, məktəb rəhbərliklərinin və aidiyyəti dövlət qurumlarının mövqeyi öyrənilməlidir.

Jurnalistikanın vəzifəsi yalnız hadisəni təqdim etmək deyil, həm də cəmiyyətin suallarına faktlar əsasında cavab axtarmaqdır. Bu mövzuda da emosiyalardan çox, hüquqi sənədlərə, rəsmi açıqlamalara və təsdiqlənmiş faktlara əsaslanmaq vacibdir.

Mən dövlətin müəyyən etdiyi qanuni qaydalara hörmət edir, onların bərabər tətbiqini və valideynlərin məsuliyyətli davranmasını dəstəkləyirəm. İnanıram ki, təhsilin dəyərini anlamaq, qaydalara hörmət etmək və gələcək nəsillərin savadlı yetişməsinə çalışmaq cəmiyyətin ortaq məqsədi olmalıdır.

Mən bir vaxtlar məktəbli formam olmadığı üçün məktəbdən uzaqlaşdırılmaqla üzləşən, məktəbə həsrətlə baxan uşaq idim. Bu gün isə istəyim budur ki, heç bir uşaq təhsildən uzaq qalmağın ağrısını yaşamasın. Dövlətin qanuni qaydalarına hörmət edilsin, valideynlər məsuliyyətlərini dərk etsinlər və uşaqların gələcəyi hər zaman diqqət mərkəzində olsun.

Aybəniz ABDULOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,aparıcı “Mikayılla 5 gün” verilişinin koordinatoru, araşdırmaçı jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir