Prezidentin yeni YOL XƏRİTƏSİ: Azərbaycanda nələr dəyişəcək?

“Hazırda Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya mərhələsindədir”.

Bu sözləri Publika.az-a açıqlamasında Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov deyib.

Kamran Əsədov bildirib ki, təhsil alanların və təhsil verənlərin keyfiyətli məkanda proses iştirakçısı olmaları üçün infrastruktur qurulub. “Azərbaycan müstəqilliyi əldə edənə qədər, yəni 1991-ci ilin 18 oktyabrına qədər Azərbaycan ali təhsil müəssisələri ümumilikdə Sovet dövlətinin əmək bazarı və istehsalatı üçün kadr hazırlığı həyata keçirirdi. Orta ümumtəhsil məktəbləri isə Sovetlərin ideologiyasına xidmət edirdi. Ona görə Azərbaycan müstəqillik əldə edəndən sonra biz artıq dünyaya inteqrasiya edirdik və yeni yanaşmalar tələb olunurdu. Həmin müddətdə məlum oldu ki, bizim təhsilimiz buna hazır deyil. Azərbaycan təhsilinin inkişafını bu dövrə qədər üç hissəyə bölmək olar. Birinci hissə qanunvericilik bazasının formalaşdırılması dövrü idi. Yəni 2009-cu ilə qədərki dövr. İkincisi kadr potensialının formalaşdırılması, üçüncü isə vacib standartlara cavab verən, əmək bazarının tələbinə cavab verən kadr hazırlığının həyata keçirilməsi. Biz artıq prosesin üçüncü mərhələsindəyik. Bu müddət ərzində biz yalnız təhsilin alt bazasını, qanunvericilik bazasını, kadr potensialının formalaşdırılmasını həyata keçirdik. Bunun üçün təhsilin üç komponent olduğunu bilməliyik. Təhsil dedikdə üç vacib amil nəzərə alınmalıdır. Birincisi təhsil alan, yəni tələbə yaxud şagirdlər, ikincisi müəllimlər, yəni təhsil verənlər, üçüncüsü isə məkan. Biz bu müddət ərzində bu üç komponentin keyfiyyətinin artırılması istiqamətində iş görmüşük. Son on il ərzində ölkə Prezidenti Cənab İlham Əliyevin sərəncamları ilə və Heydər Əliyev Fondunun mailiyyə dəstəyi 3 mindən çox məktəb binası tikilib, istifadəyə verilib. Artıq müasir standartlara uyğun kadr hazırlığının həyata keçirilməsi, eyni zamanda istehsalat üçün, xidmət sektoru üçün kadrların hazırlanması mərhələsindəyik. Buna qədər qeyd etdiyimiz proseslərin aradan qaldırılması üçün dövlət öz büdcəsinin vəsaiti hesabına Azərbaycanlı gəncləri xarici ölkələrə oxumağa göndərdi. Həmin gənclər qayıdıb gələndən sonra Azərbaycanda iqtisadiyyatda, turizmdə olan problemlərin aradan qaldırılmasına kömək edəcəklər. Bu məsələ artıq başlayıb, Azərbaycan təhsili, Azərbaycan Universitetləri inkişaf mərhələsindədir. Digər tərəfdən Azərbaycanda uzun müddətdir problem olan dərslik siyasəti aradan qaldırılıb. Eyni zamanda idarəetmə ilə bağlı yeni yanaşmalar mövcuddur. Azərbaycan təhsili yeni inkişaf yolunun ortasındadır.
Cənab Prezidentin çıxışını diqqətlə dinlədim, yeni yanaşmanın canlı şahidi oldum. Yəni bu faktdır, Prezident demək istəyir ki, Azərbaycanda 5-dən çox ali təhsil müəssisəsi var, burda 164 min tələbə təhsil alır. Təəssüflər olsun ki, təhsilini başa vurandan sonra yalnız 42% ali təhsilli əmək bazarında işlə təmin olunur. Burada 2 məsələ var ki, Prezident xüsusi vurğuladı. Hazırlanan kadrlar keyfiyətli deyil. Yəni əmək bazarı tələbinə cavab vermirlər. Biz bunu nədə görürük? Dövlət İmtahan Mərkəzi, Dövlət qulluğuna qəbulda və Təhsil nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu imtahanında görürük ki, vəziyyət o qədər də ürəkaçan deyil. Ali təhsilli mütəxəssislərin imtahanlarda nəticələri olduqca aşağıdır. Bəzi ali təhsil müəssisələri var ki, onların məzunlarının işlə təmin olunmağı faizi 10%-dir, hətta bundan da aşağıdır. Digər tərəfdən Prezident qeyd etdi ki, ali təhsil müəssisələrimizdə ölü ixtisaslar var. Yəni əmək bazarında ehtiyac olmayan lazımsız ixtisaslar var. Ən vacib məqam Cənab Prezidentində qeyd etdiyi kimi tələbələrin daha hazırlıqlı, bilikli və savadlı olmasıdır. Ölkənin inkişafı savadlı kadrlardan ibarət olmalıdır. Məsələn Azərbaycanda ali təhsilli insanların sayı yalnız 17%-dir. Bu olduqca aşağı rəqəmdir. Yəni hər min nəfərdən 126 nəfəri ali təhsillidir. Amma bu digər ölkələrdə daha çoxdur. Finlandiya, Cənubi Koreya, Sinqapurda ali təhsilli 25%-dən yuxarı, Fransanın özündə 100%-ə yaxındır. Bu da ölkənin xidmət sektorunun inkişafına gətirib çıxarır. İnsanların rifah halı yüksəlir. Prezident istəyir ki, vətəndaşlar savadlı olsun, bu ölkənin inkişafına, iqtisadiyyatın, səhiyyənin yüksəlməsinə nail olsun. Amma etiraf edək ki, bu gün bizim ali təhsil müəssisələrimizə qəbul olan tələbələrimiz çox zəif bilik və bacarığa malikdilər. Onlar ali təhsil müəssisəsinə qəbul olduqdan sonra işlərini bitmiş hesab edirlər. Halbuki daha yaxşı peşəkar kadr, ən yaxşı kadr ali təhsil müəssisəndə formalaşırlar. Hesab edirəm ki, bunlar ölkə başçısının bizim üçün istiqamətləndirici yol xəritəsidir. Keyfiyyətin artırılması istiqamətində, əmək bazarının tələblərinə cavab verən, müasir standartlara uyğun kadr hazırlığı ali təhsil müəssisələrində aparılmalıdır. Bu zəruridir, inanıram ki Cənab Prezidentin çıxışı ali təhsil müəssisələri üçün bir həyəcan siqnalı olacaq. Çünki onlar əmək bazarının tələblərinə cavab verən, müasir standartlara uyğun işlərini qurmalıdılar ki, sonda biz xarici mütəxəssislər gətirməyək, yerli mütəxəssislər öz daxili bazarımızın tələblərini formalaşdıra bilsin”.
Məhərrəm Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir