Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Hər xalqın öz adət- ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik.

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Məlumdur ki, hər hansı bir xalqın mədəniyyətinin inkişafında , milli şüurunun formalaşmasında tarixən yaranmış milli -mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət- ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli- mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

 Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Bu baxımdan ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “…Biz öz milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət- ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəsilə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən kəşməkəşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu öndər bu haqda demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan Sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət- ənənələrindən uzaqlaşmamış, əksinə milli və dini əxlaqa söykənərək xeyirxah işlər görərək, qohum-qonşulara, maddi yardıma ehtiyacı olanlara əl tutaraq savab qazanmağa can atmışlar. Eyni zamanda, xalqımız həmin dövrdə bir çox qadağalara baxmayaraq milli ( Novruz) və dini (Qurban, Ramazan) bayramlarını da qeyd etmişlər.

Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın dini bayramları dövlət səviyyəsində qeyd olunmağa başlanmış və milli-mənəvi dəyərlərimizin qorunması işinə dövlət tərəfindən ciddi qayğı göstərilməsi həyata keçirilmişdir. Məsələn, Azərbaycan Prezidentinin andiçmə mərasimində respublika Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə, xalqa sədaqətlə xidmət edəcəyinə , milli-mənəvi və dini dəyərlərimizi qoruyacağına and içməsi yuxarıda dediklərimizə əyani sübutdur.

Respublikamızda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir.

Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin , tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır.

Məsələn, Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasını vurğulayan ulu öndər bu bayramın bəşəri-mənəvi dəyərlərindən insanların faydalanmasının əhəmiyyətindən bəhs edərək demişdir: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir”.

Xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində və gənclərimizin bu ruhda tərbiyə olunmasında, həmçinin cəmiyyətin bu istiqamətdə səfərbər edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yada salan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyət”ə həsr olunmuş müşavirədə 90-cı illərin əvvəllərində milli-mənəvi oriyentasiyanın olmamasının müəyyən çətinliklər yaratdığını vurğulamışdır. O, bu çətinliklərin aradan qaldırılmasında və cəmiyyətin səfərbər edilməsində ulu öndərin rolundan danışarkən demişdir: “Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır”.

Müşavirədə humanitar və ictimai elm sahəsində çalışanların qarşısında duran vəzifələrdən bəhs edən akademik R. Mehdiyev bildirmişdir ki, milli-mənəvi dəyərlərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Lakin milli dəyərlərin qorunub saxlanılmasından danışarkən biz heç də onların konservasiyasını nəzərdə tutmuruq. Biz daim irəliyə, gələcəyə baxmalı, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə uğurla addımlaması üçün həm etibarlı zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir.

Ümummilli lider Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşdürmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, ulu öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə bəlkə də maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərməğan edilməlidir. Ulu öndər özünün mənəviyyatla bağlı məşhur 2001-ci ilin avqust bəyanatında milli mentalitetlə əlaqədar demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Məlumdur ki, ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, islam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərləri kimi insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xalqımızın mənəvi inkişafında gənclərimizin əxlaqının formalaşmasında, azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində islamın rolu əvəzsizdir. İslam bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır. İslamın həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqteyi-nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, xüsusən dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir. Azərbaycan xalqının milli həmrəyliyinin bərqərar olmasında Qurban bayramının xüsusi əhəmiyyət kəsb etdiyini bildirən ümummilli lider Heydər Əliyev 2003- cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən demişdir: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha çox birləşməsini təmin etsin, azad , müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin”.

Ulu öndərimiz Heydər Əliyev türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir.

Hazırda Azərbaycanın türkdilli ölkələrlə mədəni əlaqələrində Türksoy təşkilatı əsas rol oynamaqdadır. Türksoy təşkilatının əsası 1992-ci ilin yazında İstanbul şəhərində türkdilli dövlətlərin mədəniyyət nazirlərinin birinci görüşü zamanı qoyulmuşdur. Türksoyun idarəetmə orqanlarının strukturu və fəaliyyət mexanizmləri təşkilatın 1992-ci ilin dekabrında Bakıda keçirilən ikinci toplantısında formalaşdırılmışdır.

Bundan sonra “Türksoyun yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə” sənədi 12 iyul 1993-cü ildə Almatı şəhərində 6 təsisçi-dövlət və təşkilatın daimi üzvləri – Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan, Qırğızıstan və Özbəkistan respublikaları tərəfindən imzalanmışdır. Daha sonra bu müqaviləyə müşahidəçi dövlət qismində Tatarıstan, Başqırdıstan, Şimali Kipr türk respublikaları, həmçinin RF tərkibində olan Tuva, Xakasiya, Altay, Saxa-Yakutiya respublikaları və Moldova Respublikası tərkibində TAO Qaqauz Yeri qoşulmuşdur.

Türksoy təşkilatının əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

– Beynəlxalq münasibətlərin humanistləşdirilməsinə və stabilləşdirilməsinə istiqamətlənən beynəlxalq ictimaiyyətin mənəvi inkişafının prioritetlərini regional və planetar səviyyədə qəbul və təsdiq edilməsi;

– Beynəlxalq dialoqun təşkili və inkişaf etdirilməsi və Türksoya üzv dövlətlərin mədəni oxşarlıqlarının dəstəklənməsi;

– Türkdilli xalq və ölkələr arasında dost münasibətlərin va qarşılıqlı anlaşmanın qurulması;

– Türkdilli xalqların etnogenezi, gerçək tarixi, ədəbiyyat, mədəniyyət və incəsənətin öyrənilməsi sahəsində elmi araşdırmaların intensivləşdirilməsi;

– Öz xalqlarının milli tarixinin, doğma dilinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin və ənənələrinin yeni nəsil tərəfindən öyrənilməsinin dəstəklənməsi və s.

Əlbəttə, həyat inkişaf etdikcə Türksoyun da fəaliyyət istiqamətləri genişlənir və çeşidli tədbirlər keçirilir. Türkdilli ölkələr arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi fikri 2-3 oktyabr 2009-cu il tarixində Türkdilli Dövlətlərin Dövlət Başçılarının Naxçıvan şəhərində keçirilmiş 9-cu Sammitində qəbul edilmiş Bəyannamədə öz əksini tapmışdır. Qeyd edək ki, Naxçıvan şəhərində keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü Türksoyun fəaliyyətinə böyük dəstək göstərmiş və türk dünyasının mədəniyyət sahəsindəki əməkdaşlığına yeni yollar açmışdır. Türksoy “ Bakı İslam Mədəniyyətinin Paytaxtı- 2009″ mədəniyyət ili çərçivəsində keçirilən tədbirlərdə də fəal iştirak etmişdir. Bu məqsədlə Türksoyun Daimi Şurasının 26-cı toplantısı 16-17 oktyabr 2009-cu ildə Bakı şəhərində keçirilmişdir. Toplantını açan Azərbaycan mədəniyyət və turizm naziri Ə. Qarayev hesabat dövründə təşkilatın fəaliyyəti haqqında məlumat verərək bildirmişdir ki, Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənəvi irs, mədəniyyət və incəsənət yaxınlığı ilə birləşən ölkə və xalqların regional əməkdaşlığını həyata keçirən Türksoy bu sahədə öz fəaliyyətini daha da genişləndirmişdir. Tədbirdə çıxış edən Türksoyun baş direktoru Düsen Kaseinov bu təşkilatın türk xalqlarının daha da yaxınlaşması istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermişdir. Türk xalqlarının mədəni əlaqələrinin genişlənməsindən bəhs edən D.Kaseinov bildirmişdir ki, dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun ”Koroğlu” operası artıq beş ölkədə böyük uğurla nümayiş etdirilmişdir. O qeyd etmişdir ki, dünyanın ən böyük operalarından olan “Koroğlu”nun türk xalqlarının teatr səhnəsində oynanılması bu xalqların mədəni həyatında böyük hadisədir. Türksoyun beynəlxalq əməkdaşlıq sahəsindəki rolundan danışan D.Kaseinov vurğulamışdır ki, təşkilat YUNESKO, İSESKO, Avropa Şurası, Avrokomissiya, Dövlətlərarası Humanitar Əməkdaşlıq Təşkilatı (DHƏT) və MDB arasında əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş bir sıra tədbirlər həyata keçirmişdir.

Qeyd edək ki, Novruz bayramının YUNESKO-nun qeyri-maddı irs siyahısına daxil edilməsində Türksoyun müəyyən rolu olmuşdur. Bu baxımdan Türksoy 2010-cu ildə Novruz bayramını Parisdə YUNESKO-nun mənzil-qərargahında qeyd etməyi nəzərdə tutmuşdur.

Ümumiyyətlə, türkdilli ölkələrdə həyata keçirilən tədbirlər, o cümlədən “Türk dillərinin bədii tərcüməsinin problemləri və müasir vəziyyət” (İstanbul) və “Sivilizasiyaların dialoqunda türk dünyasının rolu” (Almatı) mövzularında simpoziumların, müxtəlif kino, teatr və musiqi festivallarının keçirilməsi həmin ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsində Türksoyun mühüm rol oynadığını göstərən faktlardır.

Türkdilli xalqların mədəni əlaqələrinin inkişafında Türksoyun fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən dəstəklənməsini türkdilli xalqların tarixən formalaşmış ortaq mənəvi dəyərlərinin qorunması sahəsində onun uzaqgörənliyi kimi dəyərləndirmək olar.

Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan ölkə Prezidenti cənab İlham Əliyev də islam dini ilə bağlı tarixi ənənələrə və dini bayramlara hörmət və ehtiramla yanaşır. Bütün milli və dini bayramlarda Azərbaycan xalqını təbrik edən hörmətli Prezidentimiz builki Qurban bayramı münasibətilə təbrikdə demişdir: “Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Əziz bacı və qardaşlarım! Bu müqəddəs bayram günlərində bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”

Müşfiq Cəfərov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir