İnformasiya cəbhəsində qələbəmiz

Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönmü günündə yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm və aktual məsələlərə toxundu. Dövlətimizin başçısı əsasən 44 günlük Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının xalqımız üçün faciəli  bir gündə – Xocalı soyqırımı günündə keçirilməsi təsadüfi deyildi. Prezident erməni vandallarının törətdiyi Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə bir daha xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxarılmayacağını xüsusi olaraq qeyd etdi.

Mətbuat konfransında dünyanın 35-dən artıq media orqanının 50-yə yaxın sualını cavablandıran dövlətimizin başçısı yüksək diplomatik məharət, natiqlik nümayiş etdirdi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirdi. Ünvanlanan bütün sualları təmkinlə dinləyən və tutarlı faktlarla cavablandıran  İlham Əliyev  ilklərə imza atan dövlət başçısı kimi tanınması hamıya bəllidir. Azərbaycan Prezidenti daha bir ilkə imza atdı. Bu, Prezidentin yerli və xarici media nümayəndələri ilə dörd saatdan artıq davam edən ilk görüşü idi.Dövlətimizin başçısı bu məsələ ilə əlaqədar olaraq qeyd etdi: “Mən bilirəm, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı 30-dan artıq xarici KİV-ə verdiyi müsahibələr hər kəsə məlumdur. Hər bir müsahibə informasiya müharibəsində ölkəmizin qələbəsi idi. Verilən bütün müsahibələrdə dövlət başçımız işğalçı ölkənin təcavüzkar siyasətinin əsl mahiyyətini ifşa etdi və bu da ermənilərə çox böyük zərbə oldu. Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi.

Mətbuat konfransı işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Azərbaycanın azad edilmiş bölgələrdə ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verdi, erməni vəhşiliyinin iç üzünü bir daha açdı. Bundan başqa, Prezident azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verdi.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı ölkəmizlə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi,dövlətimizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı.

 

Rzayeva Sehranə Nəriman qızı Əməkdar müəllim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir