Azərbaycan Respublikasının Dövlət bayrağı qürur mənbəyimizdir

Hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır. Dövlətçilik rəmzi olan bayraq milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Uğrunda minlərlə şəhid verən Vətənimin qürur mənbəyi müqəddəs bayrağımız dalğalandıqca qəlbimizi fəxarət hissləri bürüyür. Bu bir həqiqətdir ki, türk övladı Vətənini sevir, millətini sevir, bayrağını sevir.

Müstəqil Azərbaycanın dövlət bayrağı ölkəmizin və xalqımızın milli-mənəvi dəyərlərini özündə yüksək səviyyədə əks etdirir. Bayrağımızdakı mavi rəng türklük, yaşıl rəng müsəlmanlıq rəmzidir, qırmızı rəng isə müasirliyin simvoludur. Türkçülük, islamçılıq və müasirlik prinsiplərinin vəhdətini özündə əks etdirən dövlət bayrağımızın rəng simvolikası ötən əsrin əvvəllərində bir sıra Azərbaycan mütəfəkkirlərinin əsərlərində ifadəsini tapan müvafiq ideyalardan qaynaqlanır.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvandan başlanan bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.”

2007-ci ilin 17 noyabrında ölkə Prezidenti cənab İlham Əliyev respublikamızın paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam vermişdir. Həmin sərəncama uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmiş, 01 sentyabr 2010-cu il tarixdə Bakıda Dövlət Bayrağı meydanının təntətənli açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”

Ulu öndər 30 il əvvəl belə demişdi: “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik…” Ulu öndərin söylədiyi bu fikir ötən müddət ərzində hamımızı həmişə düşündürdü. Düşündük ki, bu çağırış nə vaxtsa xalqımızı ayağa qaldıracaq.

2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancdı. Bundan sonra Dövlət bayrağımız işğaldan azad edilmiş, insanların təhlükəsiz yaşaması mümkün olmuş Cocuq Mərcanlıda dalğalandı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Cocuq Mərcanlı qısa müddətdə bərpa olundu və məcburi köçkünlərin öz doğma torpaqlarına “Qayıdış Proqramı”nın icrasına başlanıldı.

44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra isə üç rəngli, ay-ulduzlu bayrağımız işğaldan azad edilmiş bütün ərazilərdə, Qarabağda, Şuşada əzəmətlə, qürurla dalğalanır.

Şahmar Cavadov,

Salyan rayon Şorsulu kənd inzibati ərazi

dairəsi üzrə nümayəndənin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir