
Şuşa, tariximizin,mədəniyyətimizin və mənəviyyatımızın simvoludur.Bu şəhər təkcə coğrafi bir məkan deyil, həm də xalqımızın ruhunu, qürurunu və iradəsini yaşadan mənəvi qaladır.XVIII əsrdə Qarabağın mərkəzində salınan Şuşa şəhəri qısa müddətdə Qafqazın ən mühüm mədəni və siyasi mərkəzinə çevrildi. Burada doğulan hər bir daş, hər bir küçə, hər bir məscid və qala divarı xalqımızın keçmişindən bu günə qədər gələn zəngin tarixin şahididir. Şuşa Azərbaycan musiqisinin beşiyi, aşıq sənətinin və muğamın məbədi, “Xan şəhəri” kimi tanınır. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi dahilərin doğulub boya-başa çatdığı bu torpaq Azərbaycan mədəniyyətinin təməl sütunlarından biridir.1992-ci ildə Şuşanın işğalı təkcə bir şəhərin deyil, bütün Azərbaycanın yarası oldu. Lakin bu yarada xalqımızın iradəsi, vətən sevgisi daha da möhkəmləndi. Otuz ilə yaxın bir dövrdə hər bir azərbaycanlının ürəyində “Şuşa azad olunacaq” inamı yaşayırdı. O inam, o sevgi nəsildən-nəslə keçdi, milli birliyimizin rəmzinə çevrildi. 2020-ci il noyabrın 8-də Şuşa azad olundu. Bu gün tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəmətli bir iradə, cəsarət və birlik nümayiş etdirdi. Şuşanın azad edilməsi ilə yalnız torpaqlarımız deyil, həm də xalqımızın qüruru, milli kimliyi, tarixi ədalət bərpa olundu. Bu gün Şuşa sürətlə bərpa olunur, həyat yenidən qayıdır. Küçələrində muğam səslənir, məscidlərin minarələrindən azan ucalır, qədim abidələr öz əzəmətini bərpa edir. Prezident İlham Əliyev tərəfindən “Şuşa ili”nin elan edilməsi, şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, beynəlxalq tədbirlərin burada keçirilməsi Şuşanın nə qədər strateji və mənəvi önəm daşıdığını bir daha təsdiqləyir.Sonda qeyd etməyi özümə borc bilirəm ki, Şuşa təkcə bir şəhər deyil, Azərbaycanın ürəyidir.O ürək indi azad döyünür, mədəniyyətin, qürurun, dirçəlişin səsini dünyaya yayır.Şuşa azad olduqca,Azərbaycan yaşayır, Azərbaycan yaşadıqca da Şuşa əbədi bizimlə qalacaqdır. Bu gün o müqəddəs torpağın hər daşı, hər nəfəsi azadlığın, zəfərin, milli birliyin rəmzinə çevrilib. Şuşanın azadlığı təkcə bir şəhərin xilası deyil, bir xalqın ruhunun dirçəlişidir. Nəhayət bu möhtəşəm zəfərin müəllifi,xalqının iradəsini zəfərə çevirən, tarixə adını Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi yazdıran liderimizə sonsuz təşəkkür və ehtiramla !
Yeni Azərbaycan PartiyasıSaatlı rayonu 15 saylı Ərazi Partiya Təşkilatının sədri
Vüqar MƏMMƏDOV