
Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti bir daha sübut edir ki, onun yaranması Azərbaycanın taleyində tarixi dönüş nöqtəsi olmuşdur. 1990-cı illərin ağır və taleyüklü dövründə YAP-ın meydana çıxması ölkəni xaosdan, parçalanmadan və təhlükələrdən qoruyan milli iradənin ifadəsi idi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, siyasi qətiyyəti və dövlətçilik prinsipiallığı Partiyanın ideoloji və təşkilati əsaslarını formalaşdırdı və bu möhkəm təməl üzərində müasir, güclü və sabit Azərbaycan dövləti quruldu. Ulu Öndərin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən son 20 ildə ardıcıllıqla davam etdirilərək Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəltdi. Bu gün Yeni Azərbaycan Partiyası yenilənən, gəncləşən, müasir çağırışlara çevik uyğunlaşan və ideoloji sabitliyini qoruyan böyük bir siyasi məktəbdir. Onun gücü xalqın etimadından və dövlətə inamından qaynaqlanır ki, bu da Partiyanın davamlı uğurlarının əsas təminatıdır. Artıq 25 ildən çoxdur ki, YAP-ın Saatlı rayon təşkilatında sıravi üzvdən Ərazi Partiya Təşkilatının sədri vəzifəsinə qədər keçdiyim yol mənə bir həqiqəti aydın göstərir: müasir siyasi tariximizdə dövlətçiliyimizin möhkəmlənməsinə, milli həmrəyliyin təmininə və sabit inkişafın qorunmasına YAP qədər təsir göstərən ikinci bir siyasi qurum yoxdur.1990- cı illərin əvvəlləri Azərbaycanın ən ağır dövrlərindən idi: siyasi sabitsizlik, Qarabağda gərginlik və iqtisadi tənəzzül ölkəni dərin böhranla üz-üzə qoymuşdu. Belə bir şəraitdə 91 nəfərin müraciəti və Heydər Əliyevin liderliyi ilə YAP-ın yaradılması milli məsuliyyətin və siyasi müdrikliyin parlaq nümunəsinə çevrildi. Partiya, milli intellektin və ictimai iradənin birləşdiyi, ölkənin xilas yolunu göstərən siyasi mərkəz oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa edildi, dövlət institutları möhkəmləndi, iqtisadi islahatlar sürətləndirildi və inkişafın yeni mərhələsi başlandı. Yeni Azərbaycan Partiyası bu böyük dövlətçilik missiyasının əsas dayağı kimi formalaşdı. Prezident İlham Əliyevin liderliyində inkişafın yeni mərhələsi həqiqətəndə qüsursuzdur! Belə ki, 2003-cü ildən etibarən YAP-ın siyasi xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə modern və strateji inkişaf mərhələsinə yüksəldi. Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövləti statusunu qazandı. Bu siyasətin zirvə nöqtəsi isə 2020-ci ildə əldə edilən tarixi Zəfər və ərazi bütövlüyümüzün bərpası oldu. Qələbə dövlətin gücünü, siyasətin ardıcıllığını və xalq-iqtidar birliyini ən aydın şəkildə ortaya qoydu.Mən bu 33 illik sabitliyin əsas formulunu belə görürəm: Xalqın dövlətə inamı, liderlikdə ardıcıllıq, dəyişməz inkişaf strategiyası, sosial rifaha yönəlmiş siyasət, güclənən regional və beynəlxalq mövqelər. Məhz bu prinsiplər YAP-ı dövlətçiliyimizin ən etibarlı dayağına çevirmişdir.
Kadr islahatları, idarəetmədə yeni mərhələyə toxunmaq istəyirəm.Prezident İlham Əliyevin həyata keçirdiyi dərin kadr və struktur islahatları dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsi yaratmışdır. Bu islahatların mahiyyətini gənclərin irəli çəkilməsi, peşəkarlığın artırılması, şəffaflığın təmin edilməsi və müasir idarəetmə modelinin qurulması təşkil edir. Son illərdə bəzi məmurlarla bağlı atılan ciddi addımlar göstərdi ki, Prezidentin etimadından sui-istifadə və vəzifə səlahiyyətlərindən kənar davranış heç vaxt cəzasız qalmır. Bu qərarlar dövlətin təmizlənməsi, güclənməsi və vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu islahatların həyata keçirilməsində Birinci xanım,Birinci vitse-prezident Mehriban Əliyevanın rolu da xüsusi vurğulanmalıdır. Onun humanist, eyni zamanda tələbkar idarəçilik üslubu, Heydər Əliyev Fondunun geniş fəaliyyəti və YAP sədrinin müavini kimi Partiyanın inkişafına verdiyi töhfələr modern dövlət idarəçiliyinin bariz nümunələridir.Yeni Azərbaycan Partiyası 33 illik fəaliyyəti ilə Azərbaycanın müstəqilliyini qoruyan, inkişafını təmin edən və xalqın iradəsini ifadə edən aparıcı siyasi qüvvə olduğunu bir daha sübut etmişdir. Müasir çağırışlara uyğun yenilənən YAP bu gün də dövlətin sabitlik sütunu və gələcəyə hesablanmış strateji idarəetmə modelinin siyasi dayağıdır.
Yazımı Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikri ilə yekunlaşdırmaq istərdim:
“Yeni Azərbaycan Partiyasının gücü daim Azərbaycan xalqının Partiyaya inamı, etibarı və etimad göstərməsi ilə ölçüləcəkdir.”
UNEC-n məzunu,
YENİ AZƏRBAYCAN PARTİYASI
Saatlı rayon 15 saylı Ərazi Partiya Təşkilatının sədri
Vüqar MƏMMƏDOV