
İqtisadi inkişaf dinamikasına görə dünyada qabaqcıl dövlətlərdən olan Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər yalnız iqtisadi-sosial mahiyyət kəsb etmir. Əslində, bu istiqamətdəki uğurlar məhz sabitliyin, asayişin davamlı möhkəmləndirilməsi və kriminogen durumun nəzarətə götürülməsi prosesinin məntiqi nəticəsidir. Ümummilli Liderimiz Heydər Əliyev də daim bəyan edirdi ki, əhalinin artan sosial rifahı böyük çətinliklə qazanılan sabitliyin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə isə, ölkəmizin iqtisadi potensialının artmasının əsas şərti olan sabitlik və ictimai təhlükəsizlik əgər bu gün mövcud olmasaydı, onda mövcud milli tərəqqidən söhbət gedə bilməzdi.
Şübhəsiz ki, bu nailiyyətlərin qazanılmasında daxili işlər orqanlarının müstəsna xidmətləri olub. Azərbaycan polisi Ulu Öndər Heydər Əliyevin ölkəni xaosdan, tənəzzüldən xilas edib qurtuluşa aparan siyasi xəttinin əsas istinadlarından idi, son 21 ildə isə Prezident İlham Əliyevin sabit, asayişi təmin olunan, demokratik, qüdrətli dövlət quruculuğu prosesində vacib dayaqlarından və fəal icraçılarındandır.
Azərbaycan sabitlik və kriminogen duruma nəzarət sahəsində, həmçinin əhalinin say nisbəti üzrə cinayətin azlığına görə dünyada öncül mövqelərdədir. Bu qürur doğuran faktları isə məhz beynəlxalq təsisatlar bəyan edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və digər beynəlxalq təşkilatların, beyin mərkəzlərinin akademik monitorinq xidməti olan “Global Terrorism Index” hesabatına görə, Azərbaycan terror təhlükəsi üzrə sıralamada “0” indekslə sonuncu – 89-cu yerdə qərarlaşmaqla, dünyada ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Yaxud Avropa Şurasının “Ekspertlər Komitəsi”nin (MONEYVAL) ölkəmiz üzrə son 5 il üzrə qiymətləndirmə nəticələrində isə – “Azərbaycan cinayətlərlə mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və cinayətlərin araşdırılmasının uğurla aparılması bacarıqları nümayiş etdirilib” – deyə qeyd olunub.
Bu faktlar fəaliyyətinin 106-cı ildönümünü qeyd edən daxili işlər orqanlarının xidmətinə artıq beynəlxalq miqyasda verilən yüksək dəyər, müsbət qiymətdir. Ölkədə asayişin təmini, cinayətkarlığın azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə Azərbaycan polisi daim şərəflə çalışıb, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirib.
Prezident İlham Əliyevin “Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludur… Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır” sözləri də bu fədakar fəaliyyətə olan ali etimadı əyani göstərir.
Azərbaycan dövlətinin, xalqının keşiyində ləyaqətlə dayanan daxili işlər orqanları vətəndaşların səmimi etimadını, böyük inamını qazanıb. Artıq insanlarımız “Mənim polisim məni qoruyur” – sözlərini üzləşdikləri yüzlərlə faktın timsalında böyük qürur və minnətdarlıqla bildirirlər.
Azad Məmmədov,
Yevlax şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi